LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada saxlanılaraq ölkəyə ekstradisiya olunub.
Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən Elşən Həsən oğlu Şamilov iyunun 18-də Azərbaycana gətirilib.
Məlumata əsasən, Gürcüstan vətəndaşı olan Elşən Şamilov 1990-cı illərin əvvəllərində tamah niyyəti ilə digər şəxslərlə birlikdə quldurluq cinayəti törətməkdə, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır xəsarətlər yetirərək onu qəsdən öldürməkdə ittiham olunur. O, bu cinayətə görə 33 il beynəlxalq axtarışda olub.
Baş Prokurorluğun sorğusu, beynəlxalq hüquqi prosedurlar və Almaniya tərəfi ilə aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.
Elşən Şamilov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gətirilib. Məhkəmənin qərarına əsasən, o, istintaq təcridxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.