Leqal Xəbər məlumat verir ki, iyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış və barələrində məhkəmə qərarı verilmiş maddi sübutların məhv edilməsi həyata keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin açıqlamasına əsasən, ümumilikdə 1446 məhkəmə hökmü üzrə toplanmış narkotik vasitələr yandırılaraq məhv edilib.
Məlumata görə, məhv edilənlər arasında 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş və 1 kiloqram kokain yer alıb.
Bundan əlavə, 140 min 620 ədəd həb və psixotrop maddə, eləcə də 13 min 367 çətənə bitkisi də yandırılaraq məhv edilib.
Qeyd olunur ki, məhv edilən narkotik vasitələrin qara bazar dəyəri təxminən 147 milyon manat təşkil edir.