LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin enerji şəbəkəsinə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına qərar verib.
Qərara əsasən, ABŞ enerji sistemində bəzi xarici istehsal olan texniki avadanlıqların, proqram təminatlarının və rəqəmsal komponentlərin istifadəsinə məhdudiyyətlər qoyulacaq.
Sərəncamda xaricdən elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə yaratdığı qeyd olunur.
Məhdudiyyətlərə yüksəkgərginlikli transformatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə cihazları və digər “ağıllı” elektron qurğuların daxil olduğu bildirilir.
ABŞ Energetika nazirinə digər qurumlarla koordinasiya şəraitində artıq quraşdırılmış idxal avadanlıqlarının istismar şərtlərini müəyyənləşdirmək, eləcə də sərəncamın təsir dairəsinə düşən mövcud və gələcək müqavilələrin dayandırılması ilə bağlı tədbirlər görmək səlahiyyəti verilib.
Sərəncamda bu addımların əsas məqsədinin ABŞ enerji şəbəkəsinin mümkün kiberhücumlara qarşı təhlükəsizliyinin və etibarlılığının artırılması olduğu vurğulanır.
Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ-də elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini bildirmişdi.
