Amerika Birləşmiş Ştatlarında son 35 ilin ən yüksək qızılcaya yoluxma göstəricisi qeydə alınıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 21-nə olan statistikaya əsasən, ölkədə qızılcaya yoluxanların sayı 2 295 nəfərə çatıb. Bu göstərici 1991-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.
Bildirilir ki, yoluxma hallarının böyük hissəsi Cənubi Karolina, Yuta, Texas və Virciniya ştatlarında qeydə alınıb. Müqayisə üçün qeyd olunub ki, ötən il ABŞ-də 2 289 nəfərdə qızılca aşkarlanmışdı.
Mütəxəssislər xəstəliyin sürətlə yayılmasını ölkədə vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirirlər. Məlumata əsasən, yoluxanların 90 faizindən çoxu qızılcaya qarşı peyvənd olunmayıb və ya onların vaksinasiya vəziyyəti barədə məlumat yoxdur.
Qeyd edilir ki, yoluxanların əksəriyyətini 18 yaşdan aşağı uşaqlar təşkil edir.
Xatırladaq ki, ABŞ-də qızılcaya qarşı kütləvi vaksinasiya proqramına 1963-cü ildən başlanılıb.![]()