LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin nüfuzlu şirkətləri ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edəcəklər.
Məlumata görə, bunu ADEX-2026-nın Təşkilat Komitəsi açıqlayıb.
Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkət ADEX 2026-da iştirakını təsdiqləyib.
Bu il ABŞ-nin sərgidə iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” şirkətləri ADEX-də ilk dəfə iştirak edəcək.
Bundan əlavə, Böyük Britaniya və Almaniya da ilk dəfə ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulub. Almaniyanı sərgidə “Rheinmetall” şirkəti təmsil edəcək.
Sərgidə Türkiyədən baş sponsor “ROKETSAN”, həmçinin “ASELSAN”, “BAYKAR”, “Turkish Aerospace Industries” (TAI) və “HAVELSAN”, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” kimi şirkətlər iştirak edəcək.
Bir sıra ölkələr isə ADEX 2026-da milli ekspozisiyalarla təmsil olunacaq.
Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi bu dəfə də müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.![]()