Leqal xəbər məlumat verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hantavirusla bağlı halları “3-cü səviyyə fövqəladə vəziyyət” kodu ilə izləməyə başlayıb. Bildirilir ki, bu qərar yoluxma hallarının artmasından sonra qəbul edilib.
Məlumata görə, CDC vəziyyətlə əlaqədar Təcili Əməliyyatlar Mərkəzini aktivləşdirib. Qeyd olunur ki, “3-cü səviyyə fövqəladə vəziyyət” ən aşağı risk kateqoriyası sayılsa da, virusun xüsusi nəzarətdə saxlanıldığını göstərir.
İddialara əsasən, Argentinadan Kabo-Verdeyə gedən “MV Hondius” adlı gəmidə bəzi sərnişinlərdə hantavirus aşkarlanıb. Virusa yoluxan üç nəfərin öldüyü bildirilir.
Mütəxəssislərin sözlərinə görə, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Virus siçan və digər gəmiricilərin sidiyi, tüpürcəyi və qurumuş nəcis hissəcikləri ilə çirklənmiş havanın tənəffüsü zamanı insana keçə bilər.
Həkimlər vətəndaşlara gigiyena qaydalarına əməl etməyi, gəmiricilərlə təmasdan uzaq durmağı və şübhəli simptomlar zamanı tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.