LEQAL XƏBƏR verir ki, bu barədə "The Washington Post" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei və digər yüksəkvəzifəli şəxslərin həlak olmasından sonra Vaşinqton münaqişənin diplomatik yolla həlli istiqamətində addımlar atmağa başlayıb.
Məlumata əsasən, ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafla dialoqu davam etdirməkdə maraqlı olub. Vaşinqtonun İsrailə hər iki siyasətçinin hədəfə alınmaması ilə bağlı müraciət etdiyi, lakin buna dair qəti təminat ala bilmədiyi bildirilir.
Qəzet yazır ki, bu səbəbdən ABŞ həmin şəxslərin təhlükəsizlik tədbirlərini gücləndirməsi üçün İran tərəfini birbaşa xəbərdar edib.
Nəşrin iddiasına görə, ABŞ ilə İsrail arasında İran rəhbərliyinə qarşı əməliyyatlarla bağlı fikir ayrılığı xüsusilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra daha da dərinləşib.