LEQAL XƏBƏR məlumat verir ki, Ağdaş rayonunun Ləki qəsəbəsində bir ailənin iki üzvünün bıçaqlanması ilə bağlı hadisənin təfərrüatları məlum olub.
Hadisə avqustun 24-də gecə saatlarında baş verib. Aygün Əhmədova və onun 17 yaşlı oğlu F. Əhmədov kəsici alətlə xəsarətlər alıblar.
İlkin məlumata görə, ana və oğul Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Bildirilir ki, Aygün Əhmədova kişinin ikinci həyat yoldaşı olub.
İddialara əsasən, son günlər ailədə tez-tez mübahisələr baş verib. Hadisədən bir gün əvvəl də Arzu Əhmədovun həyat yoldaşını bıçaqlamağa cəhd etdiyi, qadının isə qonşuya qaçaraq gizləndiyi bildirilir.
Avqustun 24-də gecə saat 03:00 radələrində tərəflər arasında yenidən mübahisə yaranıb. İddialara görə, mübahisə zamanı Arzu Əhmədov həyat yoldaşını kürəyindən bıçaqlayıb.
Səsə gələn 17 yaşlı oğlu atasına mane olmağa çalışıb. Bu zaman onun da qolundan bıçaqlandığı və Arzu Əhmədovun hadisə yerindən uzaqlaşdığı bildirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Əhmədov saxlanılıb.