LEQAL XƏBƏR məlumat verir ki, Ağdam rayonunun Qaradağlı kəndində mağazaya ildırım düşməsi nəticəsində yaranan yanğın tam söndürülüb.
Məlumata görə, hadisə iyunun 14-də səhər saatlarında baş verib. İldırım kənd sakini Fikrət İbadova məxsus mağazaya düşüb və nəticədə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Yanğın söndürülərək nəzarətə götürülüb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.