Yeni xəbərlər burada görünəcək.

ALMANİYA VƏ ABŞ AVROPADA RAKET İSTEHSALINI GENİŞLƏNDİRİRLƏR

LEQAL XƏBƏR məlumat verir ki, Almaniya və ABŞ Avropada raket istehsalının genişləndirilməsi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "AIM-120C-8 AMRAAM" tipli orta mənzilli "hava-hava"

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Almaniya və ABŞ Avropada raket istehsalının genişləndirilməsi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "AIM-120C-8 AMRAAM" tipli orta mənzilli "hava-hava" sinfinə aid idarəolunan raketlərin birgə istehsalı Almaniya, Avropa şirkətləri və ABŞ-nin "Raytheon" müdafiə konserninin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Bildirilib ki, layihənin əsas məqsədi Almaniya, Avropa və qlobal bazarın tələbatını ödəmək, eyni zamanda raketlərin istehsal və tədarük müddətini qısaltmaqdır.

Tərəflər, həmçinin Avropada "PAC-3" raketlərinin təmiri və texniki xidmət mərkəzinin yaradılması barədə bəyannamə imzalayıblar. Nazirlik qeyd edib ki, bu addım raketlərin texniki xidmətini sürətləndirəcək və onların istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin edəcək.

Məlumata görə, "Patriot" hava hücumundan müdafiə sistemində istifadə olunan "PAC-3" raketləri ballistik və hipersəs raketlərinə qarşı ən effektiv vasitələrdən biri hesab olunur. Bir raketin dəyəri təxminən 5 milyon ABŞ dollarıdır və hazırda yalnız ABŞ ilə Yaponiyada istehsal edilir.

"AIM-120 AMRAAM" isə birbaşa görünüş hüdudlarından kənarda hədəfləri vurmaq imkanına malik, bütün hava şəraitində istifadə olunan orta mənzilli idarəolunan raketdir. Bu raketlər "F-15", "F-16", "F/A-18", "F-22", "F-35", "Harrier-II" və digər müasir döyüş təyyarələrinin əsas silahlanmasına daxildir.

Bundan əlavə, Almaniya və ABŞ kosmos və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəliblər. Tərəflər çoxsəviyyəli kosmik əməliyyatlar üzrə beynəlxalq kosmik infrastrukturun birgə yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Almaniya Müdafiə Nazirliyi NATO çərçivəsində kosmik fəaliyyətlərin koordinasiyasının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin