Son illər arıqlama çaylarına maraq artıb. Bloggerlər isə məhsulun keyfiyyətinə əmin olmadığı halda reklam edirlər. Nəticədə həmin arıqlama çaylarından alan insanlar həm fiziki, həm də maddi cəhətdən zərərə uğrayırlar.
İnsanlara zərər vuran arıqlama çaylarını satan şəxslərə qarşı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bioloji Təbabət İnteqrativ tibb mərkəzinin dietoloqu, Azərbaycan Nutrisialogiya ve Dietalogiya Asossiasiyasının idarə heyti üzvü Lalə Yaqubova Bakues.az-a açıqlama verib.
Onun sözlərinə görə, söhbət insan orqanizminə müdaxilədən və sağlamlıqdan gedirsə,insanlar bu mövzuda məlumat və tövsiyələri sosial mediadan hər hansı məqsədlə istifadə edən şəxslərdən deyil, tibb və sağlamlıq elmləri üzrə mütəxəssislərdən almalı olduqlarını bilməlidirlər:
“Əgər cəmiyyətdə hələ də sağlamlıqla bağlı qərarlar elmi və tibbi mənbələrə deyil, sosial şəbəkələrdə verilən tövsiyə və reklamlara əsasən qəbul edilirsə, deməli, ya əlçatan və etibarlı mütəxəssis məlumatı yetərli deyil, ya da bu istiqamətdə maarifləndirmədə ciddi boşluqlar mövcuddur. Təəssüf ki, bu kimi hallar nə ilkdir, nə də sonuncu olacaq. Buna görə də yalnız reklam edən və ya məhsulu satan şəxslərin məsuliyyətindən danışmaq kifayət deyil. Biz fərd olaraq öz bədənimizə və sağlamlığımıza münasibətimizi dəyişməli, “sürətli nəticə”, “möcüzəvi arıqlama” kimi vədlərin arxasınca getməməli və sağlamlığımızla bağlı qərarları elmi əsaslara söykənərək verməliyik. Hər bir insan anlamalıdır ki, sağlamlığımız sosial mediada aparılan uğurlu marketinqin deyil, tibbi bilik və elmi yanaşmanın mövzusudur. Bu cür manipulyasiyalardan qorunmağın ən təsirli yollarından biri də məhz sağlamlıq savadlılığımızı artırmaqdır”.
Dietoloq qeyd edib ki, bu cür məhsulların satışını həyata keçirən şəxslərlə bağlı mübarizə mexanizmlərini müəyyən etmək, hüquqi qiymət vermək və müvafiq tədbirlər görmək aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.
“Biz isə elmlə məşğul olan insanlarıq. Mühakimə etmək və ya kimisə ittiham etmək bizim işimiz deyil. Ölkəmizdə aidiyyəti qurumların bu tip “nərdivanaltı”, mənşəyi və etibarlılığı şübhə doğuran fəaliyyətlərlə mübarizə apardığını görürük və bunu danmaq olmaz. Bizim üçün əsas məsələ problemin digər tərəfidir: maarifləndirmə, peşəkar kadr hazırlığı və dietologiyanın elmi-tibbi istiqamət kimi inkişafıdır. Arzu edirik ki, yaxın gələcəkdə ölkəmizdə dietologiya sahəsində sistemli təhsil və ixtisaslaşma imkanları genişlənsin, inkişaf etmiş ölkələrdə olduğu kimi poliklinika və xəstəxanalarda əhalinin sağlamlığına xidmət edən dietoloji bölmələr yaradılsın. Bu, yalnız artıq çəki və piylənmə ilə mübarizə baxımından deyil, ümumilikdə ictimai sağlamlığın qorunması və düzgün qidalanma mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir” – deyə müsahibimiz əlavə edib.
Təəssüf doğuran məsələlərdən biri də müxtəlif elmi əsası və peşəkar standartları aydın olmayan kursların olduğunu bildirən L. Yaqubova hesab edir ki, nəticədə insanlara “dietoloq” adı altında diplom və ya sertifikatlar təqdim olunur. Bu da cəmiyyətdə dietologiyanın qısamüddətli kursla mənimsənilə biləcək qədər sadə bir peşə olduğu təsəvvürünü yaradır. Halbuki insan orqanizmi, metabolizm, qidalanma və sağlamlıqla işləmək ciddi elmi bilik, müvafiq təhsil və məsuliyyət tələb edir. Bütün bunlarla mübarizədə ən güclü silah maarifləndirmədir:
“İnsan elmi əsaslandırılmış məlumatı qeyri-elmi məlumatdan ayırmağı bacardıqda manipulyativ reklamların və əsassız vədlərin təsiri də azalır. Biz də öz növbəmizdə ölkəmizdə dietologiyanın elmi əsaslarla inkişafı, bu sahəyə münasibətin dəyişməsi və cəmiyyətin sağlamlıq savadlılığının artırılması üçün çalışmağa davam edirik. İnanırıq ki, görülən işlər bir gün öz nəticəsini verəcək və biz bu sahədə müsbət bir fərq yarada biləcəyik”.