Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) ilk dəfə sədrlik etməyə hazırlaşır. Məlumata görə, 2027-ci ildə təşkilata sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək.
Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə bu təşkilata sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarda artan təmsilçiliyi qarşıdakı illərdə də davam edəcək. Ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) kimi platformalarda da sədrlik funksiyalarını həyata keçirəcək.
Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək. Həmin il təşkilatın Zirvə görüşünün ölkəmizdə keçirilməsi nəzərdə tutulur.
2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.
Beləliklə, qarşıdakı illərdə Azərbaycanın bir sıra beynəlxalq və regional təşkilatlarda sədrlik etməsi, eləcə də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi planlaşdırılır.![]()