LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda aviabiletlərin daha əlçatan olması və hava nəqliyyatı imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.
Məlumata görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Proqram çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuşların tezliyinin artırılması və aviabilet qiymətlərinin daha əlçatan olması üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi və uçuş intensivliyinin artırılması planlaşdırılır.
Regional hava limanlarının potensialından daha səmərəli istifadə məqsədilə həmin aeroportlara yeni beynəlxalq uçuşların cəlb edilməsi, eləcə də aşağıbüdcəli aviaşirkətlərin fəaliyyətə cəlb olunmasının təşviq edilməsi nəzərdə tutulub.
Görüləcək tədbirlərin əsas məqsədlərindən biri hava nəqliyyatında rəqabəti və əlçatanlığı artırmaq, həmçinin Azərbaycanda turizmin inkişafına əlavə imkanlar yaratmaqdır.![]()