LEQAL XƏBƏR məlumat verir ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabit olaraq qiymətləndirilir və yerli yoluxma halları qeydə alınmayıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ölkəyə xaricdən gətirilə biləcək infeksiyaların qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davam etdirilir.
Bildirilib ki, yay mövsümündə yüksək temperatur və yağıntıların dəyişməsi ağcaqanadlar, milçəklər və digər həşəratların aktivliyinə təsir göstərə bilər. Lakin aparılan entomoloji monitorinqlərin nəticələrinə əsasən, ölkədə həşəratlarla bağlı epidemioloji riskin artdığı yeni ərazilər müəyyən edilməyib.
Qeyd olunub ki, mövcud vəziyyət daimi nəzarətdə saxlanılır və risklərin vaxtında qiymətləndirilməsi üçün mütəmadi müşahidələr aparılır.
Vətəndaşlara tövsiyə olunub ki, yaşadıqları ərazilərdə həşəratların kütləvi artımını müşahidə etdikləri halda aidiyyəti yerli icra hakimiyyəti orqanlarına və ya müvafiq kommunal xidmətlərə müraciət etsinlər.![]()