LEQAL XƏBƏR məlumat verir ki, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan dörd binanın sökülməsi nəzərdən keçirilir.
Məlumata görə, söhbət A. Zeynallı küçəsi, 35 ünvanındakı 1A saylı, A. Zeynallı küçəsi, 37 ünvanındakı 2A və 4A saylı, həmçinin M.S. Ordubadi küçəsi, 15 ünvanındakı 3 saylı binalardan gedir.
Binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsi məsələsini gündəmə gətirib.
Söküntü həyata keçirilərsə, həmin binalarda yaşayan sakinlərin mənzillərlə necə təmin olunacağı məsələsi də ayrıca müəyyənləşdirilməlidir.
Qeyd edək ki, əvvəlki illərdə söküntülərlə bağlı ödənişlər kvadratmetr üçün təxminən 1500 manat olduğu halda, hazırda Bakı üzrə orta göstərici 2700 manat civarındadır. Lakin məbləğ ərazilər üzrə dəyişə bilər.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur. Lakin müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi halda məsələyə baxıla bilər.![]()