Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında sağ qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
ABŞ-dən gələn xilasedici qrupların məlumatına görə, Karakas yaxınlığında çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında qalan 44 yaşlı mühafizəçi Erman Jil Floresi xilas etmək üçün artıq altı gündür fasiləsiz iş aparılır.
Bildirilib ki, zəlzələ zamanı növbədə olan Flores dağıntılar altında qalsa da, xəsarət almayıb. Xilasedicilər ona su çatdıra biliblər. Lakin binanın dağılmış konstruksiyalarının hər an çökmə təhlükəsi yaratdığı üçün əməliyyatlar son dərəcə ehtiyatla həyata keçirilir.
Rəsmi məlumatlara əsasən, indiyədək təxminən 6 min 500 nəfər dağıntılar altından sağ çıxarılıb. Bununla yanaşı, 51 min nəfər hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə 7,2-7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Episentrlər Yarakuy ştatında yerləşib. Son rəsmi statistikaya görə, təbii fəlakət nəticəsində 1 943 nəfər həyatını itirib, 10 571 nəfər yaralanıb. Hazırda 28 mindən çox zərərçəkənə xəstəxanalarda və müvəqqəti düşərgələrdə tibbi yardım göstərilir.