Ötən il Azərbaycanda dondurma istehsalında əhəmiyyətli artım qeydə alınıb. İl ərzində ölkədə ümumilikdə 10 min 365,9 ton dondurma istehsal edilib.
Leqalxeber-in “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 4 min 182,2 ton və ya 67,6 % çoxdur.
2020-ci ilin göstəriciləri ilə müqayisədə isə dondurma istehsalı 8 min 122,7 ton artıb. Beləliklə, ötən il ölkədə istehsal olunan dondurmanın həcmi beş il əvvəlki göstəricidən 4,6 dəfə çox olub.
Dondurma ən çox Abşeronda istehsal edilib
Hesabat dövründə dondurma istehsalının bölgələr üzrə bölgüsündə Abşeron rayonu ilk sırada qərarlaşıb. Belə ki, rayonda 5 min 441 ton dondurma istehsal olunub. Bu, əvvəlki illə müqayisədə təxminən üç dəfə çoxdur.
Paytaxt Bakıda istehsal olunan dondurmanın həcmi 4 min 300,6 ton təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 3 % artıb.
Sumqayıtda isə ötən il 226 ton dondurma istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 8,1 % çoxdur.
Lerik rayonunda 393,4 ton dondurma istehsal olunub. Qeyd edək ki, təqdim olunan məlumatlara əsasən, rayonda ən azı son beş ildə dondurma istehsalı qeydə alınmayıb.
Digər rayonların payına isə cəmi 4,9 ton dondurma düşüb.
İstehsal həcmi diqqətçəkən səviyyədə artıb
Rəqəmlər göstərir ki, Azərbaycanda dondurma istehsalı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin nəticələrinə əsasən, istehsalın əsas hissəsi Abşeron rayonu və Bakının payına düşüb.
Bununla belə, istehsalın artımının səbəbləri və yerli məhsulların daxili bazardakı payı barədə əlavə məlumat təqdim edilməyib.![]()