Leqal Xəbər məlumat verir ki, 13-14 iyun 2026-cı il tarixlərində "Azercell"in dəstəyi ilə beynəlxalq robototexnika müsabiqələrindən biri olan "RobotChallenge" yarışının Azərbaycan üzrə ilk milli mərhələsi keçiriləcək. Yarışa Bakı Kristal Zalı ev sahibliyi edəcək.
Məlumata görə, əsası Avstriyada qoyulan və sonradan beynəlxalq miqyasda genişlənən "RobotChallenge" gənclərə robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. Yarışın Azərbaycanda keçirilməsi STEAM təhsilinin inkişafına və innovasiya mühitinin güclənməsinə töhfə verəcək.
Müsabiqə çərçivəsində müxtəlif yaş qruplarından olan iştirakçılar hazırladıqları layihələri təqdim edəcək, texnoloji həllərini və biliklərini müxtəlif kateqoriyalar üzrə nümayiş etdirəcəklər. Yerli mərhələdə qalib gələn komandalar Çində təşkil olunacaq beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.
"RobotChallenge Azerbaijan 2026" barədə ətraflı məlumatı RobotChallenge Azerbaijan saytından əldə etmək mümkündür.