Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələr ölkənin siyasi gündəminin əsas mövzularından biri olaraq qalır. Rəsmi İrəvan bu prosesi Azərbaycanın tələbi kimi deyil, daxili siyasi və hüquqi islahatların tərkib hissəsi kimi təqdim etməyə çalışır. Lakin Konstitusiya dəyişiklikləri həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafına və sülh prosesinin yekun mərhələsinə birbaşa təsir göstərə biləcək amillərdən hesab olunur.
LEQAL XƏBƏR xəbər verir ki, Ermənistan rəhbərliyi yeni Konstitusiya ilə bağlı prosesi daxili gündəlik kimi təqdim etsə də, bu məsələnin regional sülh perspektivləri ilə sıx bağlı olduğu diqqət çəkir.
İrəvanın irəli sürdüyü “Sülh körpüsü” təşəbbüsü ilə Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz layihəsi regionun gələcək nəqliyyat və logistika xəritəsinin formalaşmasında fərqli yanaşmaları əks etdirir. Ermənistan uzun illər davam edən nəqliyyat təcridindən çıxmaq və yeni tranzit marşrutlarında yer almaq niyyətini nümayiş etdirsə də, regionun əsas nəqliyyat infrastrukturu və geostrateji üstünlüyü Azərbaycanın əlində cəmləşib.
Ekspertlər hesab edirlər ki, Konstitusiya dəyişiklikləri ilə bağlı uzunmüddətli müzakirələr və qərarların gecikdirilməsi sülh sazişinin imzalanmasını da yubada bilər. Bu baxımdan, Ermənistanın atdığı addımların prosesi sürətləndirməkdən daha çox vaxt qazanmağa hesablandığı ilə bağlı fikirlər səsləndirilir.
Müşahidələrə görə, rəsmi İrəvan bir tərəfdən sülh gündəliyini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən daxili siyasi prosesləri əsas gətirərək yekun qərarların qəbulunu uzadır. Bu isə regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində aparılan danışıqların tempinə təsirsiz ötüşmür.![]()