Əfqanıstanın şərq bölgələrində leysan yağışlarının səbəb olduğu daşqın və sel fəlakəti nəticəsində 40-dan çox insan həyatını itirib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb, itkin düşənlər də var.
Sel yaşayış evlərinə, ictimai binalara və ticarət obyektlərinə ciddi ziyan vurub. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir.
BMT-nin humanitar qurumları tərəfdaş təşkilatlarla birlikdə zərərçəkənlərin ehtiyaclarını müəyyənləşdirir və yardım planı hazırlayır.
İlkin mərhələdə sakinlərin müvəqqəti sığınacaq, ərzaq, tibbi xidmət, ilkin tələbat vasitələri və psixososial dəstəklə təmin olunması nəzərdə tutulur.
Fəlakət bölgələrinə səyyar həkim briqadaları göndərilib, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Əlavə dərman preparatları, müalicəvi qidalar və ərzaq məhsullarının çatdırılması da həyata keçirilir.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi yerli hakimiyyət orqanları ilə birgə əhaliyə yardım göstərir. Bildirilir ki, dağılmış yollar və mürəkkəb dağlıq relyef xilasetmə və humanitar əməliyyatların aparılmasını çətinləşdirir.![]()