LEQAL XƏBƏR məlumat verir ki, Şimali Kiprin Girnə şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
Tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza aparılır.
Hadisə baş verdiyi andan etibarən itkin düşənlərin tapılması məqsədilə bütün dövlət resurslarının səfərbər edildiyi və axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiyi bildirilib.
Son məlumatlara görə, faciə nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Daha 7 nəfərin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, Girnə ilə Türkiyənin Mersin vilayətinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Gəmidə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.