LEQAL XƏBƏR məlumat verir ki, Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.
Məlumata görə, Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətində ciddi çətinliklər yaranıb.
Güclü külək həmçinin Yeniarx kəndini elektrik enerjisiz qoyub, bir neçə fərdi yaşayış evi və yardımçı tikilinin dam örtüklərinə ziyan vurub.
Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili də aşıb yıxılan ağacın altında qalaraq zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda ərazidə bərpa işləri aparılır, dəymiş ziyanın həcmi isə dəqiqləşdirilir.