LEQAL XƏBƏR məlumat verir ki, yay aylarında günəş altında uzun müddət qalmaq günvurma riskini artırır. Mütəxəssislərin sözlərinə görə, günvurma bədən hərarətinin təhlükəli səviyyəyə yüksəlməsi nəticəsində yaranan təcili tibbi vəziyyətdir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, günün ən isti saatları olan 11:00-17:00 aralığında birbaşa günəş şüaları altında qalmaq məsləhət görülmür. Günvurmadan qorunmaq üçün bol su içmək, açıq rəngli və hava keçirən geyimlərdən istifadə etmək, papaq və gün eynəyi taxmaq tövsiyə olunur. Həmçinin fiziki fəaliyyətlərin səhər və axşam saatlarına salınması vacib hesab edilir.
Mütəxəssisin sözlərinə görə, günvurmanın ilkin əlamətləri arasında güclü susuzluq, həddindən artıq tərləmə, halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və əzələ qıcolmaları yer alır. Ağır hallarda isə bədən hərarəti 40 dərəcədən yuxarı qalxa, nitq pozuntusu, tarazlığın itməsi, qıcolma və huşun itməsi baş verə bilər.
Belə hallarda zərərçəkən şəxs dərhal kölgə və ya sərin yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və bədəni soyudulmalıdır. Boyun və qoltuqaltı nahiyələrinə soyuq kompres qoyulması, bədənin sərin su ilə silinməsi tövsiyə edilir. Şəxs ayıqdırsa, ona az-az sərin su və ya minerallı su verilməlidir.