LEQAL XƏBƏR məlumat verir ki, Hindistan ABŞ ilə nəzərdə tutulan müvəqqəti ticarət sazişini imzalamaqdan imtina edib.
Məlumata görə, Nyu-Delhidə keçirilən son danışıqlarda tərəflər arasında iqtisadi pakt üzrə razılıq əldə olunmayıb. Hindistan ABŞ tərəfindən tələb olunan zəmanətlərin təqdim edilmədiyini əsas gətirərək sənədi imzalamayıb.
Rəsmi Dehli Çinə tətbiq edilən şərtlərlə müqayisədə daha əlverişli tarif güzəştlərinin verilməsini, həmçinin gələcəkdə tətbiq oluna biləcək yeni ABŞ gömrük rüsumlarından qorunma mexanizmlərinin yaradılmasını tələb edib.
"Bizim mövqeyimiz aydındır. Əlverişsiz şərtlərlə razılaşmağa tələsməyəcəyik və aqrar sektora dair qırmızı xətlərimizi keçməyəcəyik", – deyə Hindistan hökumətindəki mənbə bildirib.
Məlumata görə, Donald Tramp administrasiyasının bəzi ölkələr üçün 12,5 faizə qədər yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşması fonunda Vaşinqton Dehlidən əlavə güzəştlər gözləyir. ABŞ Hindistanı sənaye sahəsində qeyri-bərabər rəqabət yaratmaqda və məcburi əməyə nəzarətin yetərli olmamasında ittiham edir.
Ağ Evin sözçüsü Kuş Desai isə bildirib ki, Tramp administrasiyası ABŞ-nin maraqlarını ön planda tutan tarixi ticarət sazişinin əldə olunması üçün Hindistan rəsmiləri ilə danışıqları davam etdirir.
Qeyd olunur ki, ABŞ nümayəndələri Hindistanla aparılan danışıqların ləng və həddindən artıq bürokratik olduğunu hesab edirlər.![]()