LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Görüş zamanı qonaq İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və ölkəsinə rəsmi dəvətini dövlət başçısına çatdırıb. O, Kralın Prezident İlham Əliyevlə şəxsi münasibətlərə xüsusi önəm verdiyini bildirib.
Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkür edib, salamlarını İordaniya Kralına çatdırmağı xahiş edərək, onu Azərbaycana səfərə dəvət edib.
Dövlət başçısı Kral II Abdullah ibn Al Hüseynlə ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı vurğulanıb ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər və təmaslar Azərbaycan-İordaniya münasibətlərinin inkişafına mühüm töhfə verir. Tərəflər siyasi, iqtisadi, energetika, investisiya, nəqliyyat, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər.
Görüşdə regional məsələlər, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi, parlamentlərarası əməkdaşlıq və gələcək qarşılıqlı təmaslar ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, turizm sahəsində əməkdaşlığın inkişafı və Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi də müzakirə olunub.![]()