LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Bunun üçün aşağıdakı sənədlərdən hər hansı birinin təqdim edilməsi kifayət edəcək:
- “Formula One Management Limited” və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına uyğun akkreditasiya kartı və ya akkreditasiyanı təsdiq edən digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyanı təsdiq edən sənəd;
- 2026-cı ildə Bakıda keçiriləcək “Formula-1” yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Məlumata görə, Xarici İşlər Nazirliyi sadələşdirilmiş viza prosedurları barədə aidiyyəti beynəlxalq və xarici qurumları məlumatlandıracaq.
Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanları barədə məlumatların müvafiq rəsmi internet resurslarında yerləşdirilməsi təmin ediləcək.
Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviaşirkətləri sadələşdirilmiş viza prosedurları barədə məlumatlandıracaq.![]()