İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza bölgəsində nəzarətində saxladığı əraziləri fiziki baxımdan ayırmaq məqsədilə xüsusi torpaq maneəsinin tikintisinə başlayıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Associated Press" agentliyi SAXAL-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, maneə HƏMAS-la ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra İsrail hərbçilərinin geri çəkildiyi və "sarı xətt" adlandırılan sərhəd boyunca inşa edilir. Bildirilir ki, ilkin mərhələdə həmin xəttin müvəqqəti xarakter daşıyacağı nəzərdə tutulurdu və gələcəkdə İsrail qoşunlarının daha içəridəki mövqelərə çəkilməsi planlaşdırılırdı.
Qeyd olunub ki, SAXAL yalnız torpaq maneəsi tikməklə kifayətlənmir, eyni zamanda "sarı xətt" boyunca zəruri texnika ilə təchiz edilmiş geniş təhlükəsizlik zolağı da yaradır.
Hərbi qurumdan bildirilib ki, sərhəd bölgəsinin müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks təhlükəsizlik tədbirləri həyata keçirilir.
"Bu maneə İsrail hərbçilərinin və Qəzza zolağına yaxın yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək, eləcə də həmin xəttin qanunsuz keçilməsi cəhdlərinin qarşısını almaq məqsədi daşıyır", – deyə SAXAL-ın sözçüsü bildirib.![]()