LEQAL XƏBƏR məlumat verir ki, 1992-ci ildə İsveçrə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin cəsədi 34 il sonra İtaliya sərhədi yaxınlığında, əriyən Trift buzlağında aşkarlanıb.
Məlumata görə, qalıqlar iyulun 26-da bir turist tərəfindən tapılıb. Daha sonra onlar şəxsiyyətin müəyyənləşdirilməsi üçün Syeon şəhərində yerləşən Vale kanton xəstəxanasının Məhkəmə Tibb İnstitutuna göndərilib.
Polisin açıqlamasına əsasən, aparılan DNT analizləri qalıqların 1992-ci ildə Vayssmis bölgəsində itkin düşən iki alpinistə məxsus olduğunu rəsmi şəkildə təsdiqləyib.
Məlumata görə, 1992-ci il sentyabrın 4-də iki alpinist 4017 metr yüksəklikdə yerləşən Vayssmis zirvəsinə qalxmaq məqsədilə Vayssmis sığınacağından yola çıxıb.
Onlar Almagel sığınacağına qədər çata bilsələr də, hava şəraitinin kəskin pisləşməsi səbəbindən zirvəyə qalxa bilməyiblər.
Sonrakı aylarda bölgədə bir neçə axtarış-xilasetmə əməliyyatı keçirilib. Axtarışlar zamanı alpinistlərdən birinə məxsus çanta tapılsa da, onların özlərini aşkar etmək mümkün olmayıb.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində buzlaqların sürətlə əriməsi uzun illər əvvəl itkin düşən alpinistlərin qalıqlarının üzə çıxmasına səbəb olur.
Qeyd edək ki, ötən il də 1994-cü ildə itkin düşən isveçrəli alpinistin qalıqları Vale kantonunda, Ober-Qabelhorn dağının buzlağında aşkarlanmışdı.![]()