Paytaxtın Nərimanov rayonunda, “City Garden” ərazisində yerləşən “Landau School”un filialı ilə bağlı valideynlərdən şikayət daxil olub. Valideynlər tədris şəraiti, yeməklərin keyfiyyəti, əlavə ödənişlər və geri qaytarılmadığı iddia edilən vəsaitlərlə bağlı narazılıqlarını bildiriblər.
Leqalxeber-in əldə etdiyi məlumata görə, şikayətçi valideynlərdən biri məktəbdə yeni korpusun tikintisi əsas gətirilərək təhsil haqlarının artırıldığını iddia edib. Onun sözlərinə görə, bununla yanaşı, dərs ili ərzində yemək üçün əlavə 1000 manat ödəniş də tələb olunub.
Valideyn iddia edir ki, ödənişlər artırılsa da, məktəbdə təmir və tikinti işləri tam başa çatdırılmayıb. Onun bildirdiyinə görə, dərslər sentyabrın 28-də başlayıb, lakin iki həftəlik ödənişin geri qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalıb.
Yeməklərin keyfiyyətindən narazılıq
Valideynlərin əsas narazılıqlarından biri də şagirdlərə təqdim olunan yeməklərlə bağlıdır. Şikayətçinin sözlərinə görə, yeməklərin həm keyfiyyəti, həm də miqdarı onları qane etmir. O iddia edir ki, bəzi şagirdlər təqdim olunan yeməklərin qoxusundan narahat olduqları üçün yeməkdən imtina edir və nəticədə ac qalırlar.
Valideynlər bu səbəbdən yemək üçün ödənilən vəsaitin geri qaytarılmasını, uşaqların qidalanmasını isə özlərinin təmin etməsini istəyiblər. Lakin şikayətçinin sözlərinə görə, bu müraciət də müsbət nəticə verməyib.
Valideynlər məktəbə buraxılmadıqlarını iddia edirlər
Şikayətçi bildirib ki, yaranmış problemlərlə bağlı məktəb rəhbərliyi ilə danışmağa çalışsalar da, konkret nəticə əldə edə bilməyiblər. Onun sözlərinə görə, valideynlərə məktəbə gələrək şəraitlə tanış ola biləcəkləri bildirilsə də, əraziyə getdikdə onların içəri daxil olmasına icazə verilməyib.
Bundan başqa, valideynlər məktəbin idman zalının da hazır olmadığını iddia edirlər. Şikayətçinin bildirdiyinə görə, məsələ qaldırıldıqda məsuliyyət tikinti işlərini həyata keçirən tərəfin üzərinə yönəldilir.
Valideynin sözlərinə görə, onlar hər gün qaynar xəttə müraciət etsələr də, problemlərin həlli istiqamətində konkret addımların atılmadığını düşünürlər. Şikayətçi məsuliyyətin müxtəlif tərəflərin üzərinə qoyulduğunu və müraciətlərinin nəticəsiz qaldığını bildirir.
Məktəbin mövqeyi öyrənilməyə çalışılıb
Qeyd edək ki, məsələ ilə bağlı “Landau School”un mövqeyini öyrənmək üçün sorğu ünvanlanıb. Lakin məktəb tərəfindən sorğuya cavab verilməyib.
Leqalxeber olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Valideynlərin səsləndirdiyi iddiaların obyektiv araşdırılması və qaldırılan məsələlərə aydınlıq gətirilməsi vacibdir.![]()