Yeni xəbərlər burada görünəcək.

ÖLƏN VƏTƏNDAŞIN PENSİYASI BU ŞƏXSƏ VERİLƏ BİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda vətəndaş dünyasını dəyişdikdən sonra onun topladığı pensiya kapitalının müəyyən hissəsinin varisinə verilməsi ilə bağlı təklif irəli sürülüb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hazırda

5 baxış 3 dəq


LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda vətəndaş dünyasını dəyişdikdən sonra onun topladığı pensiya kapitalının müəyyən hissəsinin varisinə verilməsi ilə bağlı təklif irəli sürülüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hazırda pensiya kapitalı ilə bağlı müxtəlif təkliflər müzakirə olunur.

Deputatın sözlərinə görə, təkliflərdən biri vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının ən azı 30 faizinin varisin hesabına köçürülməsi və həmin vəsaitdən istifadə imkanının yaradılmasıdır.

Vüqar Bayramov qeyd edib ki, hazırda vətəndaş pensiya aldığı dövrdə vəfat edərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericiliyin tələblərinə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalına münasibət fərqlidir.

Deputat müxtəlif ölkələrin təcrübələrinin də araşdırıldığını bildirib. Onun sözlərinə görə, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait bəzi hallarda daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və təhsil xərclərinə yönəldilə bilər.

Vüqar Bayramov Azərbaycanda da “orta pensiya kapitalı” anlayışının qanunvericiliyə daxil edilməsini təklif edib. Onun fikrincə, vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilməlidir.

Deputatın sözlərinə görə, əsas məqsəd vətəndaşın gələcək pensiya təminatını qorumaqla yanaşı, onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır.

Bayramov həmçinin pensiya yaşına çatmadan vəfat edən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsinin sosial və iqtisadi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.

Onun fikrincə, belə bir mexanizm vətəndaşların rəsmi əmək münasibətlərində marağını artıra, əmək müqavilələrinin rəsmiləşdirilməsini və gəlirlərin tam göstərilməsini stimullaşdıra bilər.

Qeyd edək ki, pensiya kapitalının varislərə ötürülməsi ilə bağlı bu təklif hazırda müzakirə xarakteri daşıyır.

Xəbəri paylaş Dostlarınıza göndərin