Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə Bakı–Şamaxı yolunun Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsindən keçən hissəsində, köməkçi yolda baş verib.
Məlumata görə, Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb.
Ağır xəsarətlər alan Elmira Əliyeva hadisə yerində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, mərhum Bakıda yaşayıb və bacısı nəvəsinin hərbi xidmətə yola salınması ilə əlaqədar Şamaxıya gəlib. Hadisə onun qohumlarının evindən qayıtdığı zaman yolu keçmək istəyərkən baş verib.
Mərhumun qohumu hadisə anını belə xatırlayıb:
“Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə uzanan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hadisənin səbəbləri, qəzanın başvermə şəraiti və digər hallarla bağlı araşdırma aparılır.
İstintaqın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.![]()