LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.
Məlumata görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir göstərəcək normativ hüquqi akt layihələri normayaratma orqanına təqdim edilməzdən əvvəl Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmalıdır.
Mərkəzi icra hakimiyyəti orqanları, eləcə də müvafiq publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər bu tələbi təmin etməlidirlər.
Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac sahələrinə aid normativ hüquqi aktları Agentliklə razılaşdırmaqla qəbul etməlidirlər.
Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.