LEQAL XƏBƏR məlumat verir ki, adam oğurluğunda təqsirləndirilən şəxslərlə bağlı məhkəmə hökmü elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, paytaxt sakini Rəşad Knyazov 9 il, qardaşı Urfan Knyazov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən olunub ki, onlar əmisi oğlu Ayxan Knyazovla birlikdə Elşad Bəyov adlı şəxsi Xaçmaz rayonunun Ukuroba kəndindən oğurlayaraq Bakıya gətiriblər.
Araşdırmalara görə, Elşad Bəyov Ayxan Knyazovun tanışı olan bir qadınla münasibətdə olub və ondan hədə-qorxu yolu ilə pul alıb. Bundan sonra Ayxanın tapşırığı ilə Rəşad və Urfan Knyazovlar Bakıdan Xaçmaza gediblər.
Onlar qadının anasının evinə daxil olduqda Elşadın artıq döyüldüyünü görüblər. Daha sonra zərərçəkmiş şəxsin əl-qolu bağlanıb, ağzına əski parçası tıxanaraq "Toyota Prius" markalı avtomobilin baqajına yerləşdirilib.
Şəxs daha sonra Bakının Hövsan qəsəbəsinə aparılıb və bir gün ərzində girov saxlanılıb. Növbəti gün isə Elşad Bəyov saxlanıldığı evdən qaçaraq xilas olmağı bacarıb.
Məlumata görə, hadisədə iştirak edən şəxslər, eləcə də zərərçəkmiş Elşad Bəyov dini qruplaşmanın üzvləri olublar.
Cinayətdə iştirak etməkdə şübhəli bilinən Ayxan Knyazov barəsində axtarış elan edilib.
Qeyd edək ki, zərərçəkmiş şəxs qismində tanınan Elşad Bəyov haqqında da ayrıca cinayət işi açılıb və araşdırmalar davam etdirilir.