Abşeron rayonunda qətl hadisəsi baş verib.
Məlumata görə, bu gün rayonunun Masazır qəsəbəsi ərazisində 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisə səhər saatlarında Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib.
Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov evdə arvadı ilə mübahisə edib. Mübahisə sakitləşəndən sonra, o, otağa keçərək namaz qılmağa başlayıb. Bu vaxt həyat yoldaşının onu kürəyindən bıçaq zərbəsi endirərək qətlə yetirdiyi iddia olunur.
Məlumata görə, ailə 10 ildir ki, həmin evdə yaşayır və onların birgə nikahdan iki övladları da var.
Hadisədən ilk olaraq ərazidə ev alqı-satqısı ilə məşğul olan maklerlər xəbər tutublar və polisə məlumat veriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılıb![]()