Yeni xəbərlər burada görünəcək.

Qətlə yetirilən həkimin qızı atalığından şikayətləndi

Leqalxeber.az xəbər verir ki, 2023-cü ildə Abşeron rayonunun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığı Muhammet Gündüzdən şikayətçi olduğunu açıqlayıb. Həlimə sosial şəbəkələrdə yayımladığı videoaçıqlamada bildirib ki, hazırda həbsdə olan

7 baxış 3 dəq

Leqalxeber.az xəbər verir ki, 2023-cü ildə Abşeron rayonunun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığı Muhammet Gündüzdən şikayətçi olduğunu açıqlayıb.

Həlimə sosial şəbəkələrdə yayımladığı videoaçıqlamada bildirib ki, hazırda həbsdə olan atalığı tərəfindən narahat edildiyini və anasından ona qalan əmlaklarla bağlı problemlər yaşadığını iddia edir.

O, son üç ildə hüquqi mübarizə apardığını, bir tərəfdən anasının ölümünün yaratdığı ağır itki ilə mübarizə apardığını, digər tərəfdən isə təhsilini davam etdirməyə çalışdığını deyib.

“20 yaşımla illərdir nələr yaşadım. Vəkillərinin qanunsuz etdikləri ilə mübarizə apardım. Üç ildir bilmirəm anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum. Anamın istədiyi kimi məktəbimi oxuyub qurtarmağa çalışıram. Azərbaycanda xeyirxah bir həkim olmağa çalışıram”, – deyə Həlimə bildirib.

Şikayətçinin sözlərinə görə, ona məxsus və ya anasından qalan əmlaklarla bağlı da müxtəlif problemlər yaranıb. O iddia edib ki, kirayəyə verdiyi evə müdaxilə edilir, kirayəçiləri vəkil vasitəsilə narahat olunur və bunun nəticəsində gəlir əldə etməsinə maneələr yaradılır.

Həlimə həmçinin atalığının ona və bacısı Sibelə zərər verməklə bağlı ifadələr işlətdiyini iddia edib.

“Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi...”

Həlimə videoaçıqlamasında anasının qətlindən sonra onun mirasının bölüşdürülməsi ilə bağlı da narazılığını ifadə edib.

O, atalığının anasından qalan əmlakın bir hissəsini öz qızının adına keçirməyə çalışdığını iddia edib.

Şikayətçi həmçinin bildirib ki, anasının öldürülməsi zamanı onun azyaşlı bacısı da hadisənin şahidi olub və baş verənlərdən sonra uzun müddət psixoloji sarsıntı yaşayıb.

Həlimə anası ilə Muhammet Gündüzün nikahı dövründə əldə edilmiş əmlakların bölünməsi məsələsinin də onun fikrincə ədalətsiz olduğunu bildirib.

Türkan Gündüz kim idi?

Türkan Gündüz ixtisaslı plastik cərrah və koloproktoloq kimi fəaliyyət göstərib. O, müxtəlif illərdə bir sıra tanınmış tibb müəssisələrində çalışıb, həmçinin Türkiyədə fəaliyyət göstərən “Acıbadem” xəstəxanasında işləyib.

Həkimin son iş yerinin Bakıda yerləşən “City Hospital” klinikası olduğu bildirilir.

Məlumata görə, Türkan Gündüz və Muhammet Gündüz hadisədən təxminən 14 il əvvəl ailə qurublar. Muhammet Gündüzün biznes fəaliyyəti ilə məşğul olduğu qeyd edilir.

2023-cü ildə Abşeron rayonunun Novxanı kəndində baş verən qətl hadisəsindən sonra Muhammet Gündüz saxlanılıb və məhkəmənin hökmü ilə törətdiyi cinayətə görə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Türkan Gündüzün qızı Həlimənin səsləndirdiyi əmlak və digər məsələlərlə bağlı iddialar onun şəxsi mövqeyi və açıqlaması kimi təqdim olunur. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyi barədə məlumat əldə edilərsə, xəbər yenilənəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin