LEQAL XƏBƏR xəbər verir ki, TƏBİB-in məlumatına görə, 2003-cü il təvəllüdlü qadın iyulun 15-i saat 01:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Bildirilib ki, pasiyentə seftriakson inyeksiyasına qarşı IV dərəcəli anafilaktik şok və ölü döl diaqnozları qoyulub. Həkimlər tərəfindən dərhal zəruri tibbi yardım göstərilib.
Məlumata əsasən, qadın xəstəxanaya aqonal vəziyyətdə gətirilib, qəbul zamanı ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Həkimlər ürəyin qapalı masajı və digər reanimasiya tədbirləri həyata keçirərək onun həyat fəaliyyətini müvəqqəti bərpa ediblər.
Sonradan tibbi göstəriş əsasında cərrahi əməliyyat aparılıb və ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilsə də, görülən tədbirlər nəticə verməyib.
Qadının iyulun 15-i saat 17:10 radələrində bioloji ölümü qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.![]()