Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi saatlarda buludluluğun artacağı gözlənilir.
“Legal Xəbər”in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, paytaxtda gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gecə saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağması ehtimalı var.
Şimal-qərb küləyinin gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-19 dərəcə, gündüz isə 21-25 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin gecə 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcəyi gözlənilir.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Məlumata görə, sentyabrın 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənməsi, yüksək dağlıq ərazilərdə isə yağıntının qarla qarışıq yağması mümkündür.
Gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə ediləcək. Mülayim şərq küləyinin əsəcəyi gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.![]()