LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Saxalin vilayətində təyyarə qəza enişi etdikdən sonra alovlanıb.
Hadisə Kirovskoye və Zonalnoye kəndləri arasındakı ərazidə baş verib. Təyyarənin göyərtəsində Saxalin aviabazasının 7 yanğınsöndürən-paraşütçüsü olub.
İlkin məlumata görə, uçuş zamanı təxminən 800 metr hündürlükdə təyyarənin mühərriki sıradan çıxıb. Pilot məcburi sərt eniş etmək məcburiyyətində qalıb. Hava gəmisi yerə endikdən sonra yanmağa başlayıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin yerli mətbuat xidməti bildirib ki, “An-3” təyyarəsində yanğın texniki nasazlıq səbəbindən baş verib.
Hadisə yerinə cəlb olunan xilasedicilər yanan təyyarənin göyərtəsində olan pilotların və paraşütçülərin müstəqil şəkildə hava gəmisini tərk etdiklərini bildiriblər.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hazırda ərazidə yanğın-xilasetmə xidmətinin 12 əməkdaşı və 3 texnikası işləyir.