LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr Perseidləri çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64-65 km/san-dir. Meteor yağışının mənbəyi Persey (Perseus) bürcündə, Persey ulduzunun yaxınlığında yerləşir.
Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift-Tuttle” kometası olduğu halda, sentyabr Perseidlərinin ana cismi hələ dəqiq müəyyən edilməyib.
Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometadan yarandığını göstərir.
Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Ən əlverişli müşahidə vaxtı sentyabrın 9-da gecə və xüsusilə gecəyarısından sonra sübhə yaxın saatlardır.
Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcəyindən Ay işığı müşahidələrə, demək olar ki, mane olmayacaq.
Meteorları izləmək üçün teleskop tələb olunmur. Şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və radianta deyil, ondan təxminən 30-40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.![]()