Bakı Ağır Cinayətlər Məhkəməsində “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.
Məhkəmənin hökmü ilə Daşqın Məmmədov 2 il müddətinə müəyyən vəzifələrdə işləmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Daşqın Məmmədov “TikTok” platformasında fəaliyyət göstərən “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə vətəndaşlara mənzil satışı ilə bağlı müxtəlif təkliflər təqdim edib. Zərərçəkmiş şəxslər isə mənzil sahibi olmaq ümidi ilə həmin təkliflərə inanaraq pul vəsaitlərini ödədiklərini, sonradan vəsaitlərini geri ala bilmədiklərini bildiriblər.
Məhkəmə materiallarına əsasən, cinayət işi üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 378 min manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib.
İş üzrə bəzi zərərçəkmiş şəxslər həmçinin həmin şirkətin sosial şəbəkələrdə tanınmış bloqerlərin iştirakı ilə reklamlarının yayımlandığını bildiriblər.