ABŞ Ali Məhkəməsi Donald Trampın digər ölkələrə qarşı tətbiq etdiyi tariflərin mühüm hissəsini qanunsuz hesab edib.
Qərar bütün ölkələrdən idxala tətbiq olunan “qarşılıqlı” rüsumları, eləcə də Kanada, Meksika və Çindən gətirilən mallara qoyulan 25 faizlik tarifləri əhatə edir.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Məhkəmənin qərarında qeyd olunur ki, Tramp tarifləri tətbiq edərkən 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad etməklə öz səlahiyyətlərini aşıb. Sənədə görə, Konqres prezidentə tariflər tətbiq etmək üçün belə geniş və fövqəladə səlahiyyət verməyib.
Nəşrin yazdığına görə, Trampın ikinci prezidentlik müddətində ilk dəfədir ki, Ali Məhkəmə onun siyasi qərarlarından birini qəti şəkildə ləğv edir. Digər istiqamətlərdə isə məhkəmənin mühafizəkar çoxluğu ona geniş səlahiyyətlər tanımışdı.
Qərar polad və alüminium idxalına digər qanunlar əsasında tətbiq olunan tariflərə aid deyil. Bildirilir ki, ləğv edilən rüsumların növbəti on il ərzində təxminən 1,5 trilyon dollar gəlir gətirəcəyi gözlənilirdi.
Qeyd: Məlumatlar xarici mətbuata istinadən Leqal xəbər tərəfindən təqdim olunur.
