LEQAL XƏBƏR məlumat verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələri, 71-ci maddəsi, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Plenum iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, Respublika Prokurorluğunun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Bakı, Şirvan və Sumqayıt Apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rəylərini, həmçinin ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Abbasovanın rəyini araşdıraraq qərar qəbul edib.
Qərarda qeyd olunub ki, Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinin, 71-ci maddəsinin II və VII hissələrinin, həmçinin Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların 449.3-cü maddədə nəzərdə tutulan hallarla bağlı onların konstitusion hüquq və azadlıqlarına zərər vuran və ya məhkəməyə çıxış imkanlarını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
Bundan başqa, bildirilib ki, belə şikayətlərə baxılarkən yalnız qərar və ya hərəkətin adı və formal əlamətləri deyil, onun hüquqi mahiyyəti və doğurduğu nəticələr də nəzərə alınmalıdır.
Qərara əsasən, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərar və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəmə nəzarəti qaydasında şikayət verilməsi mümkün deyil.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi şəkildə şərh oluna bilməz.![]()