Leqal xəbər məlumat verir ki, Bakının Xətai rayonunda həyatyanı sahələrdə torpaq çökməsi baş verib. Nəticədə ərazidə iri çuxurlar yaranıb, evlərdən birinin mətbəx əşyalarının kollektor xəttinə düşdüyü bildirilir.
Hadisənin Tofiq Hacıbabayev küçəsi 88 ünvanında qeydə alındığı qeyd olunur. Sakinlərin sözlərinə görə, aramsız yağışlardan sonra həyətlərdə çökmələr başlayıb və son günlər vəziyyət daha da ağırlaşıb.
Ərazi sakinləri iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib, çökməyə səbəb sonradan çəkilən kollektor xətti olub. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, kollektorun üzərində aparılan tikinti işləri və yaranan yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Qurum əlavə edib ki, kollektor və magistral xətlərin mühafizə zolaqlarında tikinti aparılması qanunvericiliyə ziddir.