LEQAL XƏBƏR məlumat verir ki, yüksək temperaturun səbəb olduğu meşə yanğınlarının geniş yayıldığı Avropa ölkələri cari il ərzində bu fəlakətlə mübarizəyə 3 milyard avrodan artıq vəsait sərf edib.
Məlumata görə, yanğın təhlükəsi mövsümünün ilk iki ayında təxminən 500 min hektar ərazi yanıb. Bunun nəticəsində Portuqaliya, Yunanıstan və Rumıniya da daxil olmaqla,Avrozonanın ən çox zərər çəkən beş ölkəsinə ümumilikdə 3,1 milyard avro iqtisadi ziyan dəyib.
Bildirilir ki, yaranmış vəziyyət iqlim dəyişikliklərinin fəsadlarının miqyasını göstərir və yanğınların ümumi iqtisadi nəticələrinin daha ciddi olacağı gözlənilir.
Qeyd olunub ki, mövcud göstəricilər Avropa Komissiyasının əvvəlki proqnozlarını əhəmiyyətli dərəcədə üstələyir. Komissiyanın hesablamalarına əsasən, Avropa İttifaqında meşə yanğınlarının orta illik iqtisadi zərəri təxminən 2,5 milyard avro təşkil edir.![]()