Yeni dərs ilinin başlaması ilə məktəbə gedən uşaqların gündəlik daşıdığı çantaların çəkisi də yenidən gündəmə gəlib. Çantanın həddindən artıq ağır olması uşaqların dayaq-hərəkət sisteminə əlavə yük yarada və uzun müddət davam etdikdə müəyyən narahatlıqlara səbəb ola bilər.
Jurnal.az xəbər verir ki, fizioterapevt Əziz Dərvişov uşaqların ağır məktəb çantaları daşımasının onların bədən quruluşuna və duruşuna təsiri barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, uşaq ağır çantanı daşıyarkən yükü kompensasiya etmək üçün bədənini önə əyə, çiyinlərinin vəziyyətini dəyişə və yeriş formasını fərqli şəkildə təşkil edə bilər. Bu hal hər gün və uzun müddət təkrarlanarsa, boyun, çiyin və bel əzələlərində gərginlik, yorğunluq və ağrı yarana bilər.
Əziz Dərvişov diqqətə çatdırıb ki, burada yalnız çantanın çəkisi deyil, onun uşağın bədəninə uyğun seçilməsi və düzgün daşınması da mühüm əhəmiyyət daşıyır. Çantanın hər iki çiyində daşınması, qayışların uşağın bədəninə uyğun tənzimlənməsi və əşyaların çanta daxilində mümkün qədər bərabər yerləşdirilməsi vacibdir.![]()
Fizioterapevt valideynlərə uşaqların çantalarını mütəmadi şəkildə yoxlamağı, lazımsız kitab və əşyaları çantadan çıxarmağı tövsiyə edib.
Mütəxəssis bildirib ki, uşağın duruşuna gündəlik diqqət yetirilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına kömək edə bilər. Sağlam onurğanın qorunması isə yalnız ağrı və narahatlıq yarandıqdan sonra deyil, uşaqlıq dövründən etibarən diqqətdə saxlanılmalıdır.
Əziz Dərvişovun sözlərinə görə, düzgün məktəb çantası seçimi və onun doğru şəkildə daşınması uşağın gündəlik həyatında sadə görünsə də, sağlamlığı baxımından əhəmiyyətli məsələlərdəndir.![]()