Yeni xəbərlər burada görünəcək.

ERMƏNİSTANDA TSARUKYANIN EVİ VƏ ŞİRKƏTLƏRİNDƏ AXTARIŞ APARILDI

Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qagik Tsarukyanın evində və ona məxsus şirkətlərdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb. LEQAL XƏBƏR verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb. Onun sözlərinə görə, hüquq-mühafizə

5 baxış 3 dəq

Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qagik Tsarukyanın evində və ona məxsus şirkətlərdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb.

LEQAL XƏBƏR verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tsarukyanın evinə gələn vəkillərin binaya daxil olmasına icazə verməyiblər.

Tonoyan bildirib ki, axtarışlar təkcə Tsarukyanın evində deyil, həm də “Multi Group” holdinqinə daxil olan demək olar ki, bütün şirkətlərdə və həmin müəssisələrin rəhbərlərinin mənzillərində aparılıb.

Xatırladaq ki, iyunun sonunda Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına müraciət edərək Qagik Tsarukyan barəsində cinayət işinin başlanmasına razılıq verilməsini istəyib. O, xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur.

Ermənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, prokurorluğun müraciətinə parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsində aparılan araşdırmalar başa çatdıqdan sonra baxılacaq.

Parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyan Tsarukyan ailəsinə məxsus “Ararat” sement zavodunun milliləşdirilməsi planlarından danışaraq, müəssisəni rəqibinin biznes imperiyasının əsas dayağı adlandırmışdı. O, Tsarukyanı və onun ətrafını “mafiya” kimi xarakterizə etmiş, zavoda müvəqqəti idarəçinin təyin olunmasının qısa zamanda həyata keçiriləcəyini bildirmişdi.

Tsarukyan isə bu bəyanatlara cavab olaraq belə addımların onu qorxutmayacağını açıqlamışdı.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası 49,745 faiz səslə qalib gəlib. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,271 faiz, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı isə 9,923 faiz səs toplayıb. Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,989 faiz səslə parlamentə düşə bilməyib.

Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayaraq Mərkəzi Seçki Komissiyasının yekun qərarını qanuni hesab edib.

Xəbəri paylaş Dostlarınıza göndərin